Vergilərin və sosial sığortanın azaldılması məsuliyyət hissi yaratmalıdır

2019.03.29 14:26 (UTC+04:00)

- İsa müəllim, 2019-cu il yanvarın 1-nə olan statistikaya əsasən, Azərbaycanda işsizliyin səviyyəsi 5 faizə qədərdir. Ölkəmizdə məşğulluğun artırılması ilə bağlı hansı layihələr həyata keçirilir və nə kimi yeniliklər gözlənilir?

- Hazırda ölkəmizdə əmək bazarının tənzimlənməsi sahəsində, məşğulluğun təmin edilməsi istiqamətində dünya təcrübəsində özünü doğrultmuş metodlardan istifadə olunur. İlk növbədə işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında səmərəliliyin və şəffaflığın artırılması, müasir əmək bazarının sürətli və dinamik dəyişiklikləri nəzərə alınaraq bir sıra yeni qanunlar və həmin qanunların icrasını təmin edən qərarlar qəbul olunub. "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında" qanunlar da məhz bu qəbildəndir.

Təbii ki, qlobal əmək bazarının Azərbaycanın əmək bazarına böyük təsiri vardır. Bu amillər və əmək bazarında sürətli, çevik dəyişikliklər nəzərə alınaraq, Dövlət Məşğulluq Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əmək Təşkilatı ilə birgə tvinninq layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihə çərçivəsində vakansiyalar, eyni zamanda işsizlər haqqında məlumatları özündə əks etdirən elektron məlumat bazasının yaradılması, vakansiyaların axtarılması üçün elektron sistemin eləcə də işəgötürənlərlə, sosial müdafiəyə ehtiyacı olan əhali qrupu ilə iş üçün zəruri şəraitin yaradılması, xidmətin kadr potensialının keyfiyyət göstəricilərinin yüksəldilməsi və onların xidmətlərinin qiymətləndirilməsi mexanizminin tətbiqi nəzərdə tutulub. Layihə çərçivəsində Litva, İsveç və Avstriyanın təcrübələri, həmin ölkələrdə həyata keçirilən məşğulluq tədbirləri öyrənilib, Azərbaycanda hansı modeldən istifadəyə üstünlük verilməsi müəyyənləşdirilib.

Yeni qanunvericilik - Vergi Məcəlləsi və "Sosial sığorta haqqında"
qanunlar motivasiya verir ki, insanlar, ilk növbədə, öz gələcəklərini
düşünərək vergiləri və sosial ödənişlərini həyata keçirsinlər

Gənclərin karyera inkişafı, əmək bazarına çevik inteqrasiyası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakıdakı nümayəndəliyi və Norveçin SYSLAB şirkəti ilə əməkdaşlıq çərçivəsində "Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı" layihəsi həyata keçirilir. Bu layihədə iştirak edən gənclər özlərinə daha tez iş tapa bilirlər. Çünki onlara iş axtarmağın texnologiyaları, CV-lərin tərtib edilməsi, özünü ifadə etmək bacarıqları öyrədilir. Daha bir layihə gənclərin bilik və bacarıqlarının artırılmasına yönəldilib.

- Qanunvericilikdə edilmiş son dəyişikliklər əmək münasibətlərinin leqallaşdırılmasına, işəgötürənlə işçi arasında imzalanan əmək müqavilələrinin sayına müsbət təsir göstərib. Yeni iş yerləri əsasən hansı sektorlara aiddir?

- 2019-cu il yanvarın 1-nə olan məlumata görə, ölkədə əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 553 min nəfərə yaxın olub. "Məşğulluq haqqında" Qanun qəbul edildikdən sonra qeyri-rəsmi məşğulluq sahəsindən xeyli insan öz işini rəsmiləşdirib. Qanunun təkmilləşdirilməsi həmin sahəyə ciddi təsir göstərib. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, "bir pəncərə" sisteminin tətbiqi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə tətbiq edilən vergi güzəştləri qeyri-rəsmi məşğulluğun azalmasına təkan verib. Son rəqəmlərə əsasən, bu il 53 min nəfərə yaxın vətəndaş iş yerini rəsmiləşdirərək əmək müqavilələri bağlayıb. Artım, əsasən, özəl sektorda baş verib. Çünki qeyri-rəsmi məşğulluq ən çox özəl sektorda, xüsusilə xidmət, tikinti sahələrində qeydə alınır. Müəyyən istehsal sahələri də buraya aiddir.

- Qeyri-rəsmi məşğulluğun nisbəti nə qədərdir və onun azaldılması üçün hansı işlər görülür?

- Təhlillər nəticəsində müəyyən edilib ki, işləyən əhalinin orta hesabla 20 faizi qeyri-rəsmi fəaliyyət göstərir. Bu göstəriciyə taksi sürücüləri, restoranlarda, əyləncə mərkəzlərində çalışan xidmətçilər, ofisiantlar, tikinti obyektlərində çalışanlar, ev qulluqçuları, fərdi qaydada xidmət göstərənlər (məsələn, tamada, müğənni və s.), avtoservislərdə çalışanların böyük qismi aiddir. Onlar sırf qazanca işləyirlər, heç bir vergi ödəmirlər. Bu sahədə qanunvericiliyin dəyişdirilməsi, işəgötürənləri stimullaşdırmaq, eləcə də müəyyən iqtisadi metodlardan istifadə etmək yolu ilə əmək münasibətlərinin rəsmiləşdirilməsinə maraq yaradılması nəzərdə tutulub.

- Mülki-hüquqi müqavilələrin sayının azalması, onların əmək müqavilələri ilə əvəzlənməsi sahəsində vəziyyət nə yerdədir?

- Mülki-hüquqi müqavilələrin statistikada sayı azdır. Ötənilki göstəricilərə görə, belə müqavilə ilə işləyən 9 minə yaxın fakt haqqında məlumat var. Ancaq statistika tam deyil. Mülki-hüquqi müqavilələrlə işləyən insanların əmək hüquqları əmək müqaviləsi ilə işləyənlərə nisbətən daha məhduddur. Çünki əmək müqaviləsi ilə işləyən insanların sosial müdafiə təminatları daha yüksək səviyyədədir. Onların məzuniyyət hüququ, xəstəliklə bağlı və digər hüquqlar, eləcə də işsiz qaldıqları təqdirdə bu insanların işsizlikdən sığorta ödənişi almaq, aktiv məşğulluq proqramlarına qoşulmaq və s. kimi üstünlükləri var. Ona görə də artıq insanlar əmək müqaviləsi ilə işləməyə meyillidirlər. Hazırda məşğul şəxslərin reyestri formalaşdırılır. Həm inzibati, həm də digər metodlarla işəgötürənlərə təsir göstəriləcək ki, işçilərlə münasibətləri hüquq müstəvisində tənzimləsinlər.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, "bir pəncərə" sisteminin tətbiqi,
mikro, kiçik və orta sahibkarlıq subyektlərinə tətbiq edilən vergi güzəştləri
qeyri-rəsmi məşğulluğun azalmasına təkan verib

- Əmək müqavilələrinin bağlanması vergi inzibatçılığına və vergi nəzarətinin aparılmasına müsbət təsir göstərir. Bununla bağlı hansı irəliləyişlər var?

- Qeyri-rəsmi məşğulluq insanların vergi və sosial ödənişlərə cəlb edilməsinə imkan vermir. Yeni qanunvericilik - Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" qanunlar motivasiya verir ki, insanlar, ilk növbədə, öz gələcəklərini düşünərək vergiləri və sosial ödənişlərini həyata keçirsinlər. Qanunçuluqda işçilərin hüquqlarını pozan işəgötürənlərə qarşı ciddi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Çünki vergilərin və sosial sığortanın azaldılması onlarda məsuliyyət hissi yaratmalıdır. Sahibkarlar vətəndaşlarla əmək müqaviləsi bağlamalı, insanları həmin müqavilənin şərtləri əsasında çalışdırmalıdırlar.

- Özüməşğulluq proqramına cəlb edilən vətəndaşlarla bağlı vəziyyət necədir? Onların fəaliyyətlərinin rəsmiləşdirilməsi, vergi və sosial ödəmələrə cəlb edilməsi üçün hansı işlər görülür?

- 2016-cı ildə ölkə Prezidentinin müvafiq sərəncamı ilə bu işlərə start verilib və ilk il ərzində bu sahəyə 6 milyon manat həcmində vəsait ayrılıb. Artıq 1281 nəfər vətəndaş layihədən yararlanaraq aktivlərini əldə ediblər. Burada əsas məşğulluq sahəsi heyvandarlıq idi: bu sektoru seçənlər ümumi iştirakçıların 84 faizini təşkil edirdi. Şəhər yerlərində isə xidmət sahələrinin üstünlüyü qeydə alınırdı. Qaydalara əsasən, bir ildən sonra həmin aktivlər vətəndaşların mülkiyyətinə verilir. Bundan sonra onlara VÖEN açılmalı və xidmət sahəsində çalışanlar vergiyə cəlb edilməlidir. Kənd təsərrüfatı sektoru vergidən azad olunduğu üçün bu tələb heyvandarlıqla məşğul olanlara şamil edilmir.

"İşsizlikdən sığorta haqqında" Qanun qüvvəyə mindikdən sonra isə özüməşğulluq proqramının icrasına 35,8 milyon manat ayrıldı. 2018-ci ildə bu proqrama 7 min nəfərə yaxın vətəndaşın cəlb olunması planlaşdırılırdı. Ancaq proqram çərçivəsində təlimlərə 7800 nəfər cəlb olundu, sonra 7267 nəfər aktiv almaq hüququ qazandı. İndiyədək onlardan 6 min nəfərə yaxını əmlak alıb, digərlərinə isə əmlak aprel ayından etibarən veriləcək. Qeyd edim ki, proqram bu il də davam edəcək və artıq hazırlıq işləri aparılır.

Artıq özüməşğulluqla bağlı yeni qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Orada belə müddəa nəzərdə tutulub ki, əgər vətəndaş ona verilən aktivlərdən təyinatı üzrə istifadə etməsə, həmin aktiv akt əsasında ondan geri alınacaq və hərrac vasitəsilə satışa çıxarılacaq. Heyvanlar tələf olarsa, bunun səbəbi aydınlaşdırılacaq, obyektiv səbəblər olsa, vətəndaşın layihədə iştirakını davam etdirməsinə yenidən baxılacaq. Hadisə vətəndaşın səhlənkarlığından baş verdikdə isə o, bu proqramlarda iştirak hüququnu itirir.

Yeni sənəddə proqramın təşkilati formaları, əsas seçim meyarları da əks olunub. Bundan əlavə, müraciət qaydaları, aktivlərin geri alınma və hərraca çıxarılma mexanizmlərinin tətbiq edilməsi nəzərdə tutulur. Proqrama qeydiyyat məsələləri də asanlaşdırılacaq. Vətəndaşlar elektron məlumat bazasında yaradılan məşğulluq alt sisteminə elektron qaydada müraciət edə biləcəklər. 2019-cu ildə özüməşğulluq proqramına 42 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Müsahibəni hazırladı:
Fərqanə ALLAHVERDİQIZI