Qeyri-neft sektorunun özəl bölməsində 749 mindən çox əmək müqaviləsi bağlanıb

2021.10.14 16:18 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əməkhaqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin dövrdə qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 749 min 569 təşkil edib. Bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 209 min 647 müqavilə çoxdur.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.