Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1044 nəfər üçün iş yerlərinə göndəriş verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sentyabr ayında daha 104 şəxs üçün iş yerlərinə göndəriş verib.
Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, ümumilikdə, proqram üzrə verilən göndərişlərin sayı isə 1044-ə çatıb. İşlə təminat üçün göndəriş verilənlərin əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslərdir.
Proqram üzrə artıq 366 nəfərlə işəgötürənlər arasında əmək müqaviləsi bağlanıb və onlar əmək fəaliyyətinə başlayıblar. Hazırda göndəriş verilən digər işsiz vətəndaşlarla da əmək müqavilələrinin bağlanması prosesi davam edir.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.