Neftin qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır

2021.10.12 14:30 (UTC+04:00)

Neftin dünya bazar qiymətində artımlar davam edir. Bu gün birjalar "Brent" markalı neftin bir barelini 83 dollardan baha təklif etməklə başlayıblar. Bu barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, OPEC+ alyansı aylıq hasilat artımının 400 min bareldən çox artırmamaqla bağlı qərarından sonra neftin qiymətində artımlar daha da sürətlənib: “Bu arada Goldman Sachs neftin 1 barelinin qiymətinin dekabr ayında 90 dollara çatacağını proqnozlaşdırıb. Bankın qənaətinə görə, əgər bu qış soyuq keçərsə, o zaman neftə olan gündəlik tələb əlavə 900 min barel arta bilər”.
Son 3 ildə ilk dəfə olaraq Azərbaycan neftinin hər barelinin dünya bazarında 85 dollardan baha satıldığını deyən V.Bayramov neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırdığını qeyd edib. Belə ki, bu ilin geridə qalan aylarında neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb.
Millət vəkili Azərbaycan gündəlik xam neft hasilatının bu aydan daha 7 min barel artıraraq 640 min barelə çatdıracağını və ixtisarla bağlı öhdəliyin isə 78 min barel həcmində olacağı qeyd edib:
“Maliyyə Nazirliyinin ilkin açıqlamalarında gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur. Bu ilin ilk 8 ayında OPEC səbətində neftin 1 barelinin orta qiyməti 65,74 dollar, avqust ayında 70,33 dollar olub. İlin sonuna doğru qiymət artımları davam edəcəyi halda 2021-ci il üçün orta illik qiymət daha yüksək ola bilər”.