Aksiz vergisi ilə bağlı qanun təkmilləşdirilir

2018.12.05 10:51 (UTC+04:00)

Aksiz dərəcələri necə hesablanacaq?

Qeyd edək ki, Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4.000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6.000 kubsantimetrədək olduqda 8.000 manat və əlavə olaraq mühərrikin həcminin 4.001-6.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8.000 kubsantimetrədək olduqda 16.000 manat və əlavə olaraq mühərrikin həcminin 6.001-8.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10.000 kubsantimetrdək olduqda 28.000 manat və əlavə olaraq mühərrikin həcminin 8.001-10.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10.000 kubsantimetrdən çox olduqda 44.000 manat və əlavə olaraq mühərrikin həcminin 10.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Avropanın bir sıra ölkələrində avtomobillər üçün idxal vergisindən

savayı yol və s. vergilər mövcuddur. Azərbaycanda isə avtomobillər idxal olunarkən

yalnız aksiz və əlavə dəyər vergisinə cəlb olunurlar

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən ölkəyə idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100.000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

"VİP Escort" şirkətinin rəhbəri, avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev bildirib ki, bu addımın atılması avtomobil bazarında tez-tez dəyişən qiymət rentabelini stabilləşdirəcək: "Avropanın bir sıra ölkələrində avtomobillər üçün idxal vergisindən savayı yol və s. vergilər mövcuddur. Azərbaycanda isə avtomobillər idxal olunarkən yalnız aksiz və əlavə dəyər vergisinə cəlb olunurlar.

2017-ci ildən Almaniya Federativ Respublikası hökuməti ekologiyanı qorumaq üçün dizel mühərrikli avtomobillərin ölkədə istismarı və istehsalını dayandırmaq üçün müəyyən müzakirələrə başlayıb. Ətraf mühitin qorunması məqsədilə Almaniyada ilk dəfə olaraq 2008-ci ildə Berlin, Hannover və Köln şəhərlərində "Umwelt Zone" adlanan 270.1 nişanları quraşdırıldı. 3 rəngdən ibarət olan bu nişan - qırmızı (Avro2), sarı (Avro3), yaşıl (Avro4) standartına cavab verən nəqliyyat vasitələrinin şəhərə girişinə icazə verilməsi mənasını daşıyırdı. Bu, tədricən bütövlükdə ölkəyə şamil edildi. Bu qanunun tətbiqindən sonra artıq "Avro 2" standartına cavab verən avtomobillərin ixracında kifayət qədər artım müşahidə olundu. Hazırda bizim yollarımızda şütüyən bir çox maşınlar (Mercedes C klass, E klass və s.) məhz o qanundan sonra ölkəmizə idxal olunanlardır.

Avropadakı dizel "skandal"ından sonra ölkəmizə kütləvi şəkildə idxalın başlayacağı gözlənilir. Düşünürəm ki, hökumət bunu nəzərə alaraq, stabilliyi qorumaqla yanaşı, köhnə avtomobillərin vergiyə cəlb edilməsini təmin etməlidir. Xatırladım ki, 2019-cu il yanvar ayından Avropada Avro4 və Avro5 standartlı dizel mühərriki ilə işləyən avtomobillərin istismarı qadağan ediləcək. Həmin avtomobillərin isə ölkəmizə kəskin sürətdə idxalı qaçılmazdır".

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 19 min 336 ədəd olub.

Fəxriyyə İKRAMQIZI