ABŞ Xəzinədarlıq departamentinin Əmanətlərin Sığortalanması Fonduna texniki dəstək verməsi müzakirə olunub

2021.10.11 13:21 (UTC+04:00)

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ilə ABŞ-nin Xəzinədarlıq departamenti arasında videoformatda işgüzar görüş olub.

ADIF-dən bildirilib ki, görüşdə qarşılıqlı əlaqələrin formalaşdırılması, həmçinin ABŞ Xəzinədarlıq departamenti tərəfindən Fondun planlaşdırdığı yeni layihələrə müvafiq yardımların, o cümlədən texniki dəstəyin verilməsi məsələləri müzakirə olunub. Tərəflər ADIF tərəfindən risk əsaslı sığorta modelinə keçid, sığorta itkilərinə qarşı ehtiyatlarının hesablanması metodologiyasının formalaşdırılması, mərkəzləşdirilmiş depozit reyestrinin yaradılması kimi fundamental məsələlərlə yanaşı, qurumun fəaliyyəti üçün hüquqi çərçivənin hazırlanması, həmçinin ləğvetmə istiqamətində aktivlərin idarə edilməsi üzrə dəstəyin verilməsi kimi mövzulara toxunublar. Sonda hər iki tərəf qarşılıqlı əlaqələrin formalaşmasını yüksək qiymətləndirərək, bu cür görüşlərin daha sıx keçirilməsi qənaətinə gəliblər.