Qarabağ Dirçəliş Fondu ilə biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

2021.10.08 14:36 (UTC+04:00)

Qarabağ Dirçəliş Fondunun iri sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüşü keçirilib.

Fondun mətbuat xidmətindən bildiriblər ki, ölkədə fəaliyyət göstərən biznes qurumlarının iştirakı ilə keçirilən tədbirdə iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri, Müşahidə Şurasının üzvü Muxtar Babayev, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış ediblər.

Tədbirdə çıxış edənlər diqqətə çatdırıblar ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi kimi mühüm missiyanı böyük Zəfərlə başa çatdırıb. Qeyd edilib ki, Vətən müharibəsindən sonra yeni çağırışlar yaranıb, işğaldan azad edilmiş ərazilərimizin bərpası və dirçəldilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.

Görüşdə Fondun yaranma məqsədi, fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib. Qarabağın bərpası istiqamətində görüləcək işlərə dəstək göstərilməsi, cəmiyyətdə ianə mədəniyyətinin geniş təbliği kimi məsələlərin əhəmiyyətindən bəhs olunub.

Tədbir iştirakçıları işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görüləcək işlər, o cümlədən Qarabağ Dirçəliş Fondunun bu sahədə fəaliyyəti barədə geniş müzakirələr aparıblar.

Müzakirələrdə biznes qurumları ilə əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi, cəmiyyətin həmrəylik göstərərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəlb olunmasının vacibliyi vurğulanıb.

Bu məqsədlə, donor olmayan tədbir iştirakçıları ianə edərək Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə töhfə verməyə dəvət olunub.

Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” filmi nümayiş olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən donorlara – “Caspian Drilling Company”, “BOS Shelf”, “Cinema Plus”, “Zeytun Pharmaceuticals”, “AS Group Investment”, “Bakcell”, “Norm”, “Paşa Holdinq”, “Stevedoring”, “Paşa Sığorta”, “Paşa Həyat Sığorta”, “Embawood”, “Modenis”, “ANC Group”, “Bakelektro”, “Baku Cable Goknur”, “Grandmart”, “Azgranata”, “North West Construction”, “Tabaterra” şirkətlərinə “İanə Sertifikatı” təqdim olunub.

Görüşdə donor şirkətlərlə yanaşı, digər aparıcı biznes qurumlarının – “Azərsun Holdinq”, “Veysəloğlu” Şirkətlər Qrupu, “ISR Holdinq”, “Tekfen Construction”, “Evrascon”, “Cahan Holdinq”, “ARASH Medical Company”, “Avromed”, “Azvirt”, “Avrora”, Azərbaycan Sənaye Korporasiyası, “Aspi-Agro”, “OMG international”, “Kontakt Home”, “Optimal Elektronika”, “Best Comp”, “Nobel Oil Services” şirkətlərinin rəhbərləri də iştirak ediblər.