Dünya bazarında neftin qiyməti artmaqda davam edir. Bu gün birjalar “Brent” markalı neftin bir barelini 83 dollardan baha təklif etməyə başlayıblar. “OPEC+” alyansının aylıq hasilat ilə bağlı qərarından sonra neftin qiymətində artımlar daha da sürətlənib.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, “Goldman Sachs” neftin 1 barelinin qiymətinin dekabr ayında 90 dollara çatacağını proqnozlaşdırıb. Bankın qənaətinə görə, əgər bu qış soyuq keçərsə, o zaman neftə olan gündəlik tələb əlavə 900 min barel arta bilər. Son 3 ildə ilk dəfə olaraq Azərbaycan neftinin hər bareli dünya bazarında 85 dollardan baha satılır. Aydındır ki, dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır. Qeyd edək ki, Azərbaycan gündəlik xam neft hasilatını bu aydan daha 7 min barel artıraraq 640 min barelə çatdıracaq və ixtisarla bağlı öhdəliyi isə 78 min barel həcmində olacaq.
“Maliyyə Nazirliyinin ilkin açıqlamalarında gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur. Bu ilin ilk 8 ayında OPEC səbətində neftin 1 barelinin orta qiyməti 65,74 dollar, avqust ayında 70,33 dollar olub. İlin sonuna doğru qiymət artımları davam edəcəyi halda 2021-ci il üçün orta illik qiymət daha yüksək ola bilər”, - deyə V.Bayramov qeyd edib.