Bu ilin 9 ayında 107 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb

2021.10.07 18:24 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-sentyabr aylarında 107 min pensiya, müavinət, təqaüd təyinatı elektron qaydada aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 19 mini pensiya, 88 mini müavinət və təqaüd təyinatları olub.

Nəticədə vətəndaşların həmin sosial təminat növlərinə hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, onlara həmin sosial ödənişlər proaktiv şəkildə təyin edilib.

2019-cu ilin əvvəlindən başlayaraq ötən dövrdə pensiyaların və sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Bu ilin oktyabrın 1-dək həmin sosial təminat növləri üzrə ümumilikdə 233 min təyinat e-qaydada həyata keçirilib. Onlardan 44,7 mini pensiya, 188,3 mini müavinət və təqaüd təyinatı olub.