Qızıl və filiz yataqlarının işlənməsi Qarabağa sərmayələrin cəlbi üçün vacibdir

2021.10.07 17:41 (UTC+04:00)

Qızıl və filiz yataqlarının işlənməsi işğaldan azad olunmuş ərazilərimizə sərmayələrin cəlb edilməsi baxımından əsas mərhələlərdən biri kimi qiymətləndirilir.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycan daxili mənbələr hesabına infrastrukturun formalaşdırılması, bərpa və yenidənqurma işləri aparır. Artıq yeni mərhələdə xarici və yerli investisiyaların cəlb edilməsi həyata keçirilir. Azərbaycanın haqq işinə dəstək olan ölkələrlə bağlanmış müqavilə həmin ərazilərimizə sərmayənin cəlb edilməsinə imkan verəcək, eyni zamanda, bu, həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasına, yeni məhsul istehsalına və bütövlükdə sənaye məhsulu istehsalının artmasına şərait yaradacaq. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizin inkişafı və həmin ərazilərdə istehsalın bərpası ciddi addımlardan biridir.

“Azərbaycan onun haqq işinə dəstək olan ölkələrlə uzunmüddətli əməkdaşlıq formalaşdırıb. Bu əməkdaşlıq həm sərmayənin cəlb edilməsində, həm də yeni innovasiya və texnologiyanın işğaldan azad olunmuş ərazilərimizə transferinə imkan verəcək ki, bu da həmin ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası baxımından da vacib hesab olunub”, - deyə V.Bayramov qeyd edib.