Şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 5320 şəxs özünüməşğulluq proqramına cəlb edilib

2021.10.07 16:38 (UTC+04:00)

Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə qazilərinin, erməni terrorundan zərər çəkən şəxslərin məşğulluğuna və özünüməşğulluğuna dəstək tədbirləri geniş miqyas alıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsindən sonrakı dövrdə həmin kateqoriyalara aid 5320 şəxsi özünüməşğulluq proqramına cəlb edib. Onlara proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə kiçik ailə təsərrüfatları yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, 2000-dən çox şəxs isə aktiv məşğulluq proqramları çərçivəsində münasib işlərlə təmin edilib.

Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu il iyunun 10-dan başlanan “Məşğulluq marafonu”na artıq 534 işəgötürən qoşularaq, 2833 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə bu günədək 832 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.