İndiyədək Bakı-Tbilisi-Qars dəmir yolu ilə 1,3 milyon ton yük daşınıb

2021.10.07 13:27 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə bu günədək təxminən 1,3 milyon ton həcmində yük daşınıb. Lakin dünya və rəqiblərimiz olduğu yerdə dayanmırlar. Dünyanın tələbləri dəyişir və araşdırmalarımız onu göstərir ki, hazırda müştəriləri maraqlandıran əsas məqamlardan biri istər dəniz, istərsə də dəmir yolu daşımalarında müntəzəmliyin, tariflərin rəqabətə davamlılığının artırılması, hər kəs üçün əlçatan olması və şəffaflığın təmin edilməsidir.

Bu fikirləri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev İstanbulda Azərbaycanın media nümayəndələrinə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, hazırda əsas məqsəd postpandemiya dövründə infrastrukturu yeniləmək və buna tam şəkildə hazır olmaqdır. Sadalanan bütün məsələlərin həllərindən biri də marşrut üzərində rəqəmsallaşmanın təmin edilməsidir. Yəni tariflərin, müntəzəmliyin, şəffaflığın təmini baxımından tərəflər rəqəmsallaşmanı bir həll yolu olaraq görürlər.