VÖEN təqdim etməyən fiziki şəxslərin vergi ödəyicisinə göstərdiyi müvəqqəti xidmətlər üzrə yaranan vergi öhdəlikləri necə müəyyən edilir?
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin şərhinə görə, bu xidmət haqqından vergi və DSMF ayırması tutulur, iş icraçısının ödənişi olur. İşlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərlə vergi ödəyicisi arasında yaranan münasibətlərdə əmək münasibətlərini şərtləndirən hallar olduqda, həmin fiziki şəxslərlə qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanması nəzərdə tutulmayan müvəqqəti xarakterli işlərin görülməsinə cəlb edilmiş fiziki şəxslərə aparılan ödənişlərdən gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi, habelə ödənişlərin tam məbləğindən 25 faiz dərəcə ilə məcburi sosial sığorta haqları tutulur. Qeyd olunanlara əsasən, icraçıya hesablanmış xidmət haqqından 14 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutulmaqla qalan məbləğ ona ödənilir.
İqtisadçı ekspert Anar Bayramov mövzunu belə şərh edir: "Tutaq ki, "AA" MMC rəngsaz xidmətləri göstərən vətəndaşla 200 manatlıq xidmət müqaviləsi imzalayır. Görülən xidmətə ödəniş zamanı təşkilat 28 manat (200 manat x 14 faiz) ödəmə mənbəyindən vergi - 50 manat (200 x 25 faiz) məcburi sosial sığorta haqqı hesablamalıdır. Yekun olaraq, "AA" MMC-nin vətəndaşa ödədiyi məbləğ 122 (200 – 28 – 50) manat təşkil edəcək".
Ekspert qeyd edib ki, Vergi Məcəlləsinin "Ödəmələr haqqında məlumatın verilməsi" adlı 73-cü maddəsinə əsasən, "AA" MMC görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödədiyi üçün qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər barədə vergi orqanına məlumat verməlidir. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunun 7.7.3-cü maddəsinə əsasən, "AA" MMC dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslərlə mülki-hüquqi xarakterli müqavilə bağladıqda, bir ay müddətində həmin şəxsə sosial sığorta şəhadətnaməsi alınması üçün müraciət etməlidir.
Fəxriyyə İKRAMQIZI