Doqquz ayda İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 19 minə yaxın müraciət daxil olub

2021.10.07 11:59 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı mərkəzinə 18 min 729 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, investisiya təşviqi, lisenziyalaşdırma, güzəştli kreditlərin verilməsi və qurumun fəaliyyət istiqamətlərinə dair digər məsələlərlə bağlı olub. Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə İqtisadiyyat Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, “195-2” Çağrı mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və “195-2” Çağrı mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.