Almaniyanın paytaxtı Berlin şəhərində hibrid formatda 2-ci Xəzər Avropa Forumu keçirilib. Tədbirdə Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrinin, həmçinin Almaniyanın hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların və şirkətlərin yüksək səviyyəli rəhbər şəxsləri iştirak edib. Azərbaycanı bu forumda energetika nazirinin müavini Elnur Soltanov təmsil edib.
Energetika Nazirliyindən bildirilib ki, “Enerji və davamlılıq: karbohidrogen resurslarından iqlim cəhətdən neytral iqtisadiyyata gedən yol” adlı sessiyaya onlayn formatda qatılan nazir müavini “Beynəlxalq enerji aləmində Azərbaycan - gələcəyə baxış” mövzusunda çıxış edib.
Elnur Soltanov bildirib ki, Azərbaycanın müstəqilliyinin 30-cu ilində ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafına digər sahələrlə yanaşı, energetika sahəsi, xüsusilə də neft-qaz sahəsi öz töhfəsini verib. Ölkənin nəhəng enerji layihəsi sayılan Cənub Qaz Dəhlizi 2020-ci ilin sonunda uğurla yekunlaşıb və bu layihə yaxın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır. Nazir müavini, həmçinin ölkəmizdə enerji keçidi sahəsində görülən işlərdən bəhs edib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Prezident İlham Əliyevin tapşırığı ilə “Yaşıl enerji zonası”nın yaradılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Bu istiqamətdə xarici investorların cəlbi perspektivlərini diqqətə çatdırıb.
Forum Xəzər regionunda logistika və infrastruktur, enerji və davamlılıq, rəqəmsal iqtisadiyyat, turizm, kənd təsərrüfatı, səhiyyə iqtisadiyyatı və digər mövzular üzrə sessiyalarla işini davam etdirib.
Qeyd edək ki, Xəzər Avropa Forumunun əsas məqsədi Avropa və Xəzər regionu arasında iqtisadi əlaqələrin təşviqindən ibarətdir.