“Azeka BM” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib

2021.10.06 18:17 (UTC+04:00)

Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, sənaye parkına investorların cəlb olunması işləri davam etdirilir.

Bu işlərin davamı olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azeka BM” MMC qeydiyyata alınıb.

“Azeka BM” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində Çin və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə boya sənayesində və məişətdə istifadə olunan bir çox məhsulların istehsalı zamanı xammal olaraq kimi istifadə edilən üyüdülmüş kalsit (kalsium karbonat) istehsal edəcək zavod inşa olunacaq. Layihənin investisiya dəyəri təqribən 7 mln. manatdır.

İllik istehsal gücü 36 min ton təşkil edəcək müəssisədə 40 daimi iş yeri yaradılacaq.

Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.