Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir. Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları tərəfindən indiyədək 2600-dən çox obyektdə monitorinq aparılıb.
Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, aparılmış tədbirlər nəticəsində şənlik mərasimləri təşkil edilən obyektlərin xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb, xidmət personalının vaksinləşmə göstəricisi 90 faizdən çoxdur. Bununla belə, bəzi obyektlərdə qayda pozuntusu hallarına hələ də rast gəlinir.
İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 316 min nəfərin müvafiq sənədlərinə baxılıb, 29 minədək şəxsin sənədlərində nöqsanlar aşkarlanıb. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyəti arasında 1400-ə yaxın şəxsin qanunvericiliyin tələblərinə əməl etmədiyi müəyyən olunub.
Müşahidələr göstərir ki, rast gəlinən əsas pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini “icaze.e-gov.az” portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsünün imkan vermədiyi halda daha çox qonaq üçün sifariş qəbul olunması, toylarda qonaqların sayı və masalararası məsafə ilə bağlı məhdudiyyətlərin nəzərə alınmamasıdır.
Monitorinq qrupları tərəfindən məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntular aradan qaldırılır və tədbirlərin qaydalara uyğun keçirilməsi təmin edilir, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.
Tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl edilməli, xidmət personalının vaksinləşməsinə, fərdi qoruyucu vasitələrlə təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.