Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.10.05 18:23 (UTC+04:00)

Oktyabrın 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108031888 ISIN-li, 25 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 84.5565 AZN (10 faiz) və 101.0731 AZN (5.75 faiz) olan 23 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9005 AZN (5.7899 faiz), orta ölçülmüş qiyməti 100.9208 AZN (5.7852 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 118 milyon 914 min manat, yerləşdirilmiş həcmi isə 37 milyon 500 min manat təşkil edib. İstiqrazlar 2026-cı il sentyabrın 29-da ödəniləcək. Hərrac iştirakçıları oktyabrın 6-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.