Plastik kartlarla əhalinin xaricə ödənişlərinin vergiyə cəlb edilməsi necə tənzimlənir?

2021.10.08 15:22 (UTC+04:00)

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan bank tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Vergi məsləhətçisi Teymur İslamlı “vergiler.az”a açıqlamasında qanunvericiliyin bu tələbini belə izah edib:

“Elektron ticarət haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alğı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

İlk növbədə qeyd edək ki, kart ödənişləri xaricdən malların alışına görədirsə, həmin əməliyyatların vergiyə cəlb edilməsi qanunvericiliyin tələbinə uyğun olaraq dövlət gömrük orqanları tərəfindən həyata keçirilir. Ölkə xaricinə (qeyri-rezidentlərə) kart köçürmələri iş və xidmətlərin alışına, habelə lotereya və digər yarışlarda iştiraka görə olduqda isə vergilərin hesablanmasını banklar həyata keçirir.

Banklar tərəfindən xaricə ödənişlərə görə kart əməliyyatları üzrə ödəmə mənbəyində verginin tutulması Vergi Məcəlləsinin 125.1.8 və 125.1-1-ci maddələrin tələblərinə uyğun olaraq həyata keçirilir. Məcəllənin 125.1.8-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 125.1-1-ci maddəsində isə göstərilib ki, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

“Elektron ticarət haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, elektron pul kisəsi – fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatıdır.

Bəs gün ərzində on minlərlə kart əməliyyatlarının vergiyə cəlb edilib-edilməməsi banklar tərəfindən necə müəyyənləşdirilir?

Plastik kartlar üzrə əməliyyatlar, ilk növbədə, prosessinq mərkəzlərinə ötürülür. Prosessinq mərkəzlərində ödənişin təyinatı avtomatlaşdırılmış rejimdə müəyyən edilir. Bu proses MCC (Merchant Category Codes) kodlar vasitəsilə baş verir. MCC kodlar beynəlxalq ödəniş sistemləri (Visa, Mastercard) tərəfindən müəyyən edilmiş dördrəqəmli kodlardır və hər bir alış-veriş nöqtəsinin növünə əsasən təyin edilir. Məsələn, reklam xidmətləri 7311 kodu, hüquq xidmətləri 8111, mərc oyunları 9754, pul kisələri 6051 kimi kodlarla təsnif edilib.

Ölkə xaricinə hər hansı bir ödənişi həyata keçirmədən öncə kartın məxsus olduğu bankın internet səhifəsindən MCC kodların siyahısı üzrə həmin əməliyyatın ƏDV-yə və ödəmə mənbəyində vergiyə cəlb edilməsini araşdırmaq mümkündür. Bir sıra hallarda vətəndaşların elektron ticarət qaydasında aldıqları mallara görə bankların plastik kartlardan vergi tutması hallarına da rast gəlinir. Bunun səbəbi ödəniş nöqtəsinin MCC kodunun sistemdə səhv tanınmasıdır. Bu kimi hallarda fərdi qaydada banka müraciət etməklə problemi aradan qaldırmaq olar.