Pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu ilin sonunadək uzadılıb. Bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti qərar qəbul edib.
Millət vəkili Vüqar Bayramov bununla bağlı fikirlərini bölüşüb. Bildirib ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankının İdarə Heyətinin 30 sentyabr 2021-ci il tarixli 26 nömrəli qərarına əsasən, requlyativ dəstək tədbirlərinə yenidən baxılıb. Ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb:
“Mərkəzi Bankın açıqlamasına görə, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq 3 ay müddətinə uzadılmış və 01 yanvar 2022-ci il tarixinədək qüvvədə saxlanılıb. Bank bəyan edib ki, maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla requlyativ dəstək rejimi davamlı olaraq dəqiqləşdirilir və adekvat siyasət qərarları qəbul edilir. Qərarın sadə dildə izahatı o deməkdir ki, Mərkəzi Bank pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması və kredit tarixçəsinin pisləşdirilməməsini tövsiyyə edir. Mərkəzi Bank tərəfindən güzəşt müddətlərinin uzadılması təqdirəlayiq haldır”.
V.Bayramov onu da qeyd edib ki, Milli Məclisin yaz sessiyasında pandemiya ilə yanaşı 2015-ci ildə baş verən devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni, onların adlarının ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını da təklif edib.