Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 82,8 faiz olub

2021.10.02 13:10 (UTC+04:00)

2021-ci ilin yanvar-avqust aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 26 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, sənaye məhsulunun 75,2 faizi mədənçıxarma, 21,6 faizi emal, 2,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,7 faiz olub. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında sentyabrın 1-nə 301,7 milyon manatlıq hazır məhsul ehtiyatı var. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 73,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.