Qarabağın işğaldan azad edilməsi turizmin inkişafı üçün yeni mərhələ açır

2021.10.01 16:00 (UTC+04:00)

Qarabağın işğaldan azad edilməsi turizmin inkişafı üçün yeni mərhələ açır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, bu barədə qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov sentyabrın 30-da Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimində deyib.

O.Məmmədov hotellərin rəqabətqabiliyyətinin artırılması və satış imkanlarının genişləndirilməsi üçün Milli Ulduz Təsnifatının əhəmiyyətli olduğunu, ulduz sertifikatı almış hotellərin bunu öz bizneslərində hiss edəcəklərinə ümid etdiyini bildirib. Pandemiyanın turizm sektoruna təsiri barədə fikirlərini bölüşən Orxan Məmmədov qlobal turizm sektorunun COVID-19 pandemiyası dövründə neqativ təsirlərə məruz qalmış sahələrdən olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı dəstək paketi hazırlanaraq pandemiyadan zərərçəkmiş bizneslərə, o cümlədən hotel sektorunda fəaliyyət göstərən sahibkarlara təqdim edilib. Həm pandemiya nəticəsində yaranmış yeni reallıqlar, həm də müştərilərin davranış və istəklərindəki dəyişikliklər, eləcə də texnoloji yeniliklər hotel sektorunda yeni tələblər formalaşdırıb. Belə şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam gətirmək üçün yeni çağırışlar ilə ayaqlaşmalıdır.

“Ölkəmizdə turizm sektoruna dövlət səviyyəsində mühüm diqqət göstərilir. Təsadüf deyildir ki, postpandemiya dövründə iqtisadi artımın drayverlərindən biri kimi məhz daxili turizm müəyyən edilib. Qarabağın işğaldan azad edilməsi turizmin inkişafı üçün yeni mərhələ açır. Bu bölgənin gözəlliyi, iqlim şəraiti, təbii resursları və zəngin mədəni abidələri təkcə ölkəmizin deyil, bütövlükdə dünya səyahətçiləri üçün yeni turizm marşrutunun yaradılmasına gətirib çıxaracaq”, – deyə KOBİA sədri vurğulayıb.