Sentyabrın 30-da Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti, eyni zamanda, “Grand Thoronton” şirkətinin Azərbaycan ofisinin rəhbəri Xürrəm Bhatti ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) görüş keçirilib.
Konfederasiyanın mətbuat xidmətindən bildirilib ki, ASK-nin prezidenti Məmməd Musayev qardaş ölkənin nümayəndə heyəti ilə görüşməkdən məmnun olduğunu ifadə edərək, biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda, Azərbaycan Sahibkarlar Konfederasiyasının strukturu və üzv tərkibi haqqında qonaqlara ətraflı məlumat verib.
Xürrəm Bhatti çıxışında Pakistan və Azərbaycan arasında gələcək əməkdaşlığa hər iki ölkənin rəhbərlərinin xüsusi diqqət ayırdığını nəzərə çatdırıb. “Azərbaycan-Pakistan arasında ticarət dövriyyəsinin həcmi 2020-ci ildə 13,3 milyon dollardır və bu rəqəm ölkələrimiz arasında sıx əməkdaşlığın bugünkü səviyyəsinə uyğun deyil”.
X.Bhatti Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqtisadi potensiala uyğun olaraq, Pakistanın qonşu ölkələrə çıxışı üçün regional mərkəz rolunu oynaya biləcəyini qeyd edib. Onun sözlərinə görə, iri müəssisələrlə əməkdaşlıq etməklə Azərbaycandan Pakistana kənd təsərrüfatı məhsullarını ixrac etmək, eyni zamanda, Azərbaycanda yüngül sənaye və əczaçılıq sahələrində birgə müəssisələr yaradılması üçün artıq işlərə başlanılıb. Palata rəhbəri 2021-ci ilin sonuna qədər Azərbaycandan Pakistana bir, Pakistandan Azərbaycana isə iki biznes heyətinin səfərinin planlaşdırıldığını söyləyib.
Tərəflər əməkdaşlıq memorandumu imzalamaq barədə razılığa gəliblər.