İslahatlar kiçik sahibkarlığın canlanmasına şərait yaradır

2018.11.30 18:00 (UTC+04:00)

"Startap"a aid layihədə bildirilir ki, paylarının (səhmlərinin) 51 faizi və ondan artıq hissəsi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna edilməklə, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizdən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq olunur.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhminin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azad olunanlar siyahısına əlavə edilir. Bundan başqa, kiçik və orta biznes (KOB) klaster şirkətinin mənfəəti - şirkətin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsinin 7 il müddətinə vergidən azad olunması nəzərdə tutulur: "Dünya iqtisadiyyatındakı son tendensiyalar, inkişaf etməkdə olan ölkələrdəki iqtisadi vəziyyət startapların dəstəklənməsi istiqamətində dövlət təşviqinin artırılmasının vacibliyindən xəbər verir. Azərbaycan da startapları dəstəkləyən ölkələr sırasındadır. Startaplar həm də neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı və bütövlükdə iqtisadiyyatın diversifikasiyası ilə bağlı hədəflərə nail olunması baxımından çox önəmlidir. Bu, iqtisadiyyata innovasiyanı gətirən və innovativ olaraq iqtisadiyyatın inkişafını stimullaşdıran təşəbbüslərdəndir. Son illərin təcrübəsi göstərir ki, bütövlükdə innovasiyanın əhəmiyyətli hissəsi məhz startaplara aiddir".

Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən vergi ödəyicisinin azı 3 il ərzində

mülkiyyətində olan iştirak payının və ya səhminin təqdim edilməsindən

əldə olunan gəlirlərinin 50 faizi, mikro sahibkarlıq subyekti olan

hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin

75 faizi vergidən azad olunanlar siyahısına əlavə edilir

V. Bayramov qeyd edib ki, Azərbaycanda startapların dəstəklənməsi vergi islahatları vasitəsilə həyata keçirilir: "Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə startapların növbəti üç ildə mənfəət vergisindən azad edilməsi bu sektora daha çox investisiyanın cəlb olunmasına imkan verəcək, innovativ təşəbbüslərin reallaşması üçün imkanlar yaradacaq. Bu isə startap vasitəsilə daha innovativ təşəbbüslərin reallaşmasına gətirib çıxaracaq. Mənfəət vergisindən azadolma əldə edilən mənfəətə hesablanmış verginin öz hesablarında qalmasına imkan verəcək və onlar həmin vəsaitdən istifadə etməklə fəaliyyətlərini genişləndirə biləcəklər".

Qeyd edilib ki, vergidən azadedilmə təşviqedici metoddur: "Startapların say etibarilə genişləndirilməsi daha innovativ tədbirlərin, xüsusən də qeyri-neft sektorunun inkişafına hesablanan layihələrin və təşəbbüslərin maliyyələşməsinə imkan verəcək. Bu baxımdan, güman olunur ki, mənfəətə tətbiq edilən güzəşt nəticədə daha çox investisiyanın əldə olunmasına, startapla məşğul olan gənc innovator startapçıların bu imkandan istifadə etməsinə şərait yaradacaq. Vergi Məcəlləsində nəzərdə tutulan son dəyişikliklərdə təşviqedici alətlərdən daha çox istifadə olunması təqdirəlayiqdir. Layihə qeyri-neft sektorunun inkişafını stimullaşdırmaqla yanaşı, yeni təşəbbüslərin və ideyaların reallaşması üçün zəmin formalaşdıracaq".

İqtisadçı ekspert Fikrət Yusifovun fikrincə, hazırda aparılan islahatlar vergi sistemində uzun illər ərzində formalaşmış zorakılıq metodlarından imtina edilməsinə, vergi ödəyiciləri üçün sağlam rəqabət mühitinin yaradılmasına imkan verəcəkdir. O, qeyd edib ki, islahatların hədəflədiyi başlıca məqsəd sadələşdirilmiş verginin dərəcəsinin endirilməsini, pərakəndə ticarət və ictimai iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsini, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunmasını, vergi ödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılmasını nəzərdə tutur: "Bu gün tam əminliklə demək olar ki, Vergilər Nazirliyi ölkədə vergi münasibətlərinin müasir tələblərə cavab verən səviyyədə yenidən qurulmasını uğurla həyata keçirir. Bu işdə ardıcıllıq, sistemli yanaşma, ən başlıcası isə yüksək prinsipiallıq nümayiş etdirilir. Vergi islahatlarının yeni mərhələsində biz kifayət qədər ciddi dəyişiklikləri görə biləcəyik. Aparılan islahatların mühüm tərkib hissəsi vergi qanunvericiliyinin təkmilləşdirilməsini nəzərdə tutur. Bu dəyişikliklərin əsas istiqamətləri, heç şübhəsiz, vergidən yayınmanın və "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsinə, vergitutma rejiminin təkmilləşdirilməsinə və vergitutma bazasının genişləndirilməsinə, habelə inzibatçılığın və nəzarətin gücləndirilməsinə yönəldiləcək".

Fəxriyyə İKRAMQIZI