Sentyabrın 28-də Family Health İnternational (“FHI 360”) çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsi xətti ilə “QHT və özəl sektorda tətbiq olunan vergi, gömrük və hesabatlılıq qanunlarının yararlılığının və uyğunluğunun qiymətləndirilməsi” adlı layihənin təqdimatı keçirilib.
Təşkilat Komitəsinin rəhbəri Həlimə Tağıyeva tədbiri açdıqdan sonra iştirakçılar Vətən müharibəsinin başlanmasının 1 illiyinə həsr olunmuş Anım Günü ilə bağlı videonu izləyib, torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizn əziz xatirəsini yad ediblər.
Sonra Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən, Millİ Mühasiblər Forumunun sədri Mirəli Kazımov tədbirin Vətən müharibəsinin başlanmasının 1 illiyinə təsadüf etdiyini, Azərbaycanın Ali Baş Komandanın rəhbərliyi altında bu haqq savaşında Zəfər qazandığını qeyd edib.
Sonra tədbirdə son illərdə özəl sektorun fəaliyyətində şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın qarşısının alınması, kommersiya qurumlarının hesabatlılığı üzərində vergi-gömrük nəzarətinin artması barədə məlumat verib. Bildirilib ki, özəl sektorda tətbiq olunan vergi, gömrük və digər hesabatlılıq məsələləri ilə bağlı inzibatçılığın artması bu sahədə fəaliyyət göstərən maliyyəçi və mühasiblərin də işinə tələblərin artmasına gətirib.
Milli Mühasiblər Forumunun sədr müavini, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva layihə haqqında iştirakçılara məlumat verib. Daha sonra Dövlət Vergi Xidmətinin əməkdaşları “Vergi qanunvericiliyi” mövzusunda təqdimatlarla çıxış ediblər.
“Dəyirmi masa”da Maliyyə Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Dövlət İmtahan Mərkəzinin, KOBİA-nın, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, müstəqil iqtisadçı ekspertlər və mühasiblər iştirak ediblər.
Tədbir çərçivəsində, həmçinin, “Peşəkar mühasibin imtahanı” mövzusunda sual-cavab sessiyası keçirilib. İştirakçılara peşəkar mühasib hüququnun əldə edilməsi, "Mühasibat uçotu haqqında" Qanuna uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikatlar üzrə imtahanların keçirilməsi, bu sertifikatların növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, layihə çərçivəsində sorğular və müzakirələr nəticəsində toplanmış rəylər əsasında yekun təkliflər hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim ediləcək.