Gəlirdən çıxılmayan xərclər

2021.10.05 10:11 (UTC+04:00)

Gəlirdən çıxılmayan xərclərdən danışdıqda, ilk növbədə əsas vəsaitlərin alınması və qurulmasına sərf edilən xərcləri qeyd etmək lazımdır. Bu xərclər kapitallaşdırılır və 114-cü maddədə göstərilən normalara əsasən amortizasiya edilir.

Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xərclərinin gəlirdən çıxılmasına yol verilmir. İstisna olaraq müvafiq icra orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə sərf edilən xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək üzrə xərclər gəlirdən çıxıla bilər.

Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyiciləri əyləncə və yemək xərclərini gəlirdən çıxa bilərlər.

Ezamiyyə xərcləri yalnız müvafiq icra orqanının müəyyənləşdirdiyi normalar çərçivəsində gəlirdən çıxıla bilər.

Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, kassa çeki və ya mədaxil qəbz xərcləri təsdiq edən sənəd sayılmır. Bu o deməkdir ki, xərc hətta gəlirdən çıxılmayan xərclərə aid edilmədikdə, onun qanunvericilikdə nəzərdə tutulan təsdiqedici sənədləri olmadıqda o, gəlirdən çıxıla bilməz.