Kommersiya və publik hüquqi şəxslərin aşağıdakı məlumatları dəyişərkən dövlət qeydiyyatına alınması üçün müraciət olunmalıdır:
- Kommersiya və publik hüquqi şəxsin adı, rəhbərinin adı, soyadı, atasının adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması, maliyyə ili;
- Təsis sənədlərində - hüquqi şəxsin nizamnaməsində və onun idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlarındakı məlumatlar;
- Hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət olduqda təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda - bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- Hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;
- Kommandit ortaqlığında - hər bir kommanditçinin mayasının miqdarı;
- Məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində - nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;
- Publik hüquqi şəxsdə - nizamnamə fondunun miqdarı, təsisçi tərəfindənverilmiş əmlakın miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri.
Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı - ərizə, təsisçinin (təsisçilərin) qərarı, nizamnaməyə dəyişiklik, təsisçi dəyişikliyi zamanı yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd, hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd və ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd təqdim olunur.
Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı - ərizə, təsisçinin (təsisçilərin) qərarı, idarəetmə orqanlarının tərkibində (rəhbəri, idarə heyətinin və müşahidə şurasının üzvlərində) dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd və ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd təqdim olunur.
Dəyişiklik barədə 40 iş günü müddətində qeydiyyat orqanına müraciət olunmaması İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Kommersiya və publik hüquqi şəxslərin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı qeyd olunan sənədlərlə yanaşı həmin hüquqi şəxslərin möhürü və şəhadətnaməsi qeydiyyat orqanına təhvil verilməlidir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış təqdim edilməlidir.
Dəyişiklikliyin dövlət qeydiyyatına alınmasından imtina olunan hallar
Təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda, Ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda dəyişiklikliyin dövlət qeydiyyatına alınmasından imtina olunur. Təqdim olunmuş sənədlər qanunvericiliyin tələbinə zidd olmadıqda qeydiyyat orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.
Müraciət olunmadan dövlət qeydiyyatına alınan dəyişikliklər
Kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa Dövlət Vergi Xidmətinin qeydiyyat strukturları tərəfindən əldə edilərək qeydiyyata alınır:
• Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər;
• Qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər.
Dövlət mülkiyyətli və ya dövlətin iştirakı ilə yaradılmış hüquqi şəxslərin təsis sənədlərində və qeydə alınmış faktlarındakı dəyişikliklər Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aktları əsasında, Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar Daxili İşlər Nazirliyindən və Dövlət Miqrasiya Xidmətindən onlayn rejimdə əldə olunmuş məlumatlar əsasında 5 gün müddətində Dövlət Vergi Xidmətinin qeydiyyat strukturları tərəfindən qeydiyyata alınır.
Mənbə: taxes.gov.az