Kameral və səyyar vergi yoxlamaları

2021.09.28 17:21 (UTC+04:00)

Vergi orqanları tərəfindən bir sıra metodlardan istifadə etməklə yoxlamalar aparılır. Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana getmədən vergi ödəyicisinin fəaliyyəti (vergilərin hesablanması və ödənilməsi) haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında aparılır.

Bu barədə fikirlərini bölüşən mühasib Aqil Səfərov bildirib ki, kameral vergi yoxlaması vergi ödəyicisinin Vergi Məcəlləsinə uyğun olaraq vergi bəyannaməsini vergi orqanına təqdim etdiyi vaxtdan 30 iş günü müddətində keçirilir.

Məcəllənin 38-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkanda keçirilən vergi yoxlaması növüdür. Səyyar yoxlama növbəti və növbədənkənar formada ola bilir. Əgər növbəti səyyar vergi yoxlaması keçirmək qərarı verilirsə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlamasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilməklə xəbərdarlıq edilir. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının keçirilməsi əsasını və tarixini, həmçinin vergi ödəyicisinin və vergi orqanlarının hüquqları və vəzifələri göstərilməlidir.

Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində 1 dəfədən artıq olmayaraq keçirilir və 30 gündən artıq vaxt davam edə bilməz. Xüsusi hallarda vergi orqanlarının qərarına əsasən, səyyar vergi yoxlaması müddəti 90 günə qədər artırıla bilər.

Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən bir neçə hallarda aparıla bilər.