Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Ekvita” şirkətinin dəstəyi ilə keçirilən “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.
KOBİA-dan bildirilib ki, daxil olmuş layihələr sentyabrın 30-dək yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yarımfinalçılar müəyyən olunacaq. Müsabiqənin final mərhələsi isə oktyabrın 5-də keçiriləcək. “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin qalibi olacaq 3 iştirakçıya pul mükafatı (I yer 1000 manat, II yer 700 manat, III yer 500 manat) təqdim ediləcək, eləcə də startapların inkişafı üçün mentorluq xidməti və işgüzar əlaqələrinin qurulmasında dəstək göstəriləcək.
Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin məqsədi Azərbaycan regionları üzrə gənclər arasında ən uğurlu startapları müəyyən etmək və onların potensialını üzə çıxarmaqdır. Azərbaycanda yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına və inkişafına dəstək göstərilməsi də müsabiqənin məqsədləri sırasındadır.