Vətən müharibəsində yaralanmış 2 min nəfərədək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

2021.09.23 16:24 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərdən ibarət işçi qrupu Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Vətən müharibəsinin 2 min nəfərədək iştirakçısına ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı həyata keçirilib. Əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib.

Qazilərin əlilliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə və müvafiq sənədləşdirmə işləri görülməklə aparılır.

Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim olunur. Həmin şəhadətnamə və tibb müəssisələri tərəfindən elektron sistemə daxil edilmiş göndəriş (forma 88) əsasında, yekun mərhələ olaraq əlilliyin qiymətləndirilməsi aparılır.