Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” və “Azər-Türk Bank”ın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Holdinqin idarəedilməsinə verilən Beynəlxalq Bank aktivlərin həcminə görə hər zaman seçilən banklardan hesab olunur. Belə ki, bu ilin ilk yarısında aktivləri 8 milyard 856 milyon manat olan bankın öhdəlikləri 7 milyard 376 milyon manat, kapital isə 1 milyard 479 milyon manat olub:
“Qeyd edək ki, 2020-ci ili bank 8 milyard 962 milyon manat aktivlə başa vurub.Ötən ilin yekunlarında isə Beynəlxalq Bankın aktivləri əvvəlki illə müqayisədə 2,8 faiz azalıb. 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə başa vuran bankın xalis mənfəətində əvvəlki illə müqayisədə 57,2 faiz azalma qeydə alınıb”.
V.Bayramov əlavə edib ki, bununla belə, Beynəlxalq Bank Azərbaycanda ümumi bank aktivlərinin 27 faizə yaxınını formalaşdırır. Mərkəzi Bankın hazırladığı bank icmalına əsasən bu ilin birinci yarısında bankların ümumi aktivləri 33 milyard 69 milyon manat olub. Həmin dövrdə 28 milyard 220 milyon manatlıq öhdəliklər, 4 milyard 519 milyon manatlıq isə kapital qeydə alınıb.
“Azər-Türk Bank”ın audit hesabatına gəlincə, millət vəkili qeyd edib ki, 2020-ci ildə bankın aktivləri 349 milyon manat, öhdəlikləri isə 297 milyon manat olub: “Cari rəqəmlər və eləcə də ötən il üzrə müqayisəli göstəricilər təsdiq edir ki, hər iki bankın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi bu bankların idaredilməsi baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.Sərəncama əsasən, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının 4 ay müddətində diaqnostikası aparılacaq və bankın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu isə ondan xəbər verir ki, “Azər-Türk Bank”ın fəaliyyətinin təkmilləşdirilməsinə növbəti mərhələdə xüsusi diqqətin ayrılması nəzərdə tutulur”.