Büdcə daxilolmalarının artımına səbəb olan amillər

2021.09.22 15:02 (UTC+04:00)

2021-ci ilin 8 ayı üzrə dövlət büdcəsinə 5,833 milyard manat (proqnozdan 1.1 milyard manat artıq) daxil olmaqla proqnoza 123,7% əməl edilib. İqtisadçı Fərhad Hüseynli bildirib ki, bu, büdcə gəlirləri üzrə tarixi rekord göstəricidir. Onun sözlərinə görə, audit və operativ vergi nəzarəti tədbirlərinin əvvəlki illərlə müqayisədə dəfələrlə azaldığı, qeyri-dövlət və qeyri-neft sektoruna, mikro sahibkarlığa əhəmiyyətli güzəştlərin verildiyi şəraitdə bu nəticənin göstərilməsi təqdirəlayiq hal olmaqla, Dövlət Vergi Xidməti əməkdaşlarının ciddi əmək və səylərinin göstəricisidir:

“Maliyyə və vergi proqnozlarına əsasən, büdcə daxilolmalarının 4-cü rübdə xüsusi əhəmiyyət kəsb etdiyini, hər il üzrə 4-cü rüb proqnozunun digər rüblərlə müqayisədə ciddi şəkildə fərqləndiyini də göz önünə alsaq, 2021-ci ildə vergi dərəcələrini, vergi yükünü artırmadan, sahibkarlara əlavə öhdəliklər gətirmədən büdcə gəlirləri üzrə ciddi artım (1 milyard manatın üzərində) yaşanacaq.Bu artımın yaranma səbəbini aşağıdakı kimi sıralamaq olar.

1. Vergi ödəyicilərinin, xüsusilə iri topdancı, idxalçı, istehsaçıların əməliyyatlarında nəzarətin təmin edilməsi nəticəsində rəsmiləşdirilmənin xüsusi çəkisinin artması, dövriyyələrində, xüsusi ilə nağd (ticarət, iaşə) sahədə əvvəlki illərlə müqaisədə şəffaflaşma, onlayn kassanın, “ƏDV geri al” layihəsinin uğurlu tətbiqi və s.

2. “Kölgə iqtisadiyyatı”nın həcminin azalması, “ağartma” effekti.

3. Dövlət əsaslı kapital qoyuluşlarının həcmindəki nəzərəçarpacaq artım. Xüsusilə Qarabağda aparılan yenidənqurma və bərpa işləri və s.

4. Bazarda pul bazasının 2020-ci ilin əvvəli ilə müqayisədə 23 faiz artması.

5. ÜDM-in həcmində nisbi artım. Proqnoza əsasən, 2021-ci il üzrə xüsusilə qeyri-neft sektorunda artım proqnozlaşdırılır.

6. Neft qiymətlərinin il üzrə orta qiymətinin planlaşdırılandan yüksək olması.

7. Xarici ticarət dövriyyəsinin, xüsusilə qeyri-neft sektoru üzrə ixracda qeydə alınan artım.

8. Aksiz vergisi üzrə daxilolmaların əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımı”.