2021-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 milyard 460 milyon manatlıq, o cümlədən 14 milyard 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 113,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,1 faiz artıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 330,3 manat və ya 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 22,2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 179,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,2 manatlıq qeyri-ərzaq malları alıb.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.