OECD aktual vergi məsələləri ilə bağlı məktubların şərhini təqdim edib

2019.03.27 12:34 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) rəqəmsal iqtisadiyyatın vergi problemlərinə həsr olunmuş ictimai məsləhətləşmə çərçivəsində göndərilmiş 200-dən artıq məktubu və həmin məktubların şərhini ictimaiyyətə təqdim edib. Şərhçilər dünyanın ən böyük transmilli korporasiyalarını, biznes assosiasiyalarını, mühasibat şirkətlərini, vergi qanunvericiliyi məsələləri sahəsində fəaliyyət göstərən alimləri və qeyri-hökumət təşkilatlarını təmsil ediblər.

Cavabların böyük əksəriyyəti beynəlxalq vergi ictimaiyyətinin gündəliyində olan dəyişikliklərin əhəmiyyətini əks etdirir. Məktublarla əlaqədar inkişaf etmiş ölkələr üçün transmilli şirkətlərin əldə etdikləri mənfəətdən minimal vergi tutulmasının koordinasiya olunmuş şəkildə qəbul edilməsinə dair təkliflər, eləcə də bazarın yerləşdiyi yurisdiksiya və ya rəqəmsal xidmətlərin istifadəçilərinin yaşadıqları yurisdiksiyalar üçün daha böyük vergi hüquqları müəyyənləşdirən təkliflər nəzərdən keçirilib. Şərhçilər dünyadakı vergi sisteminin qeyri-sabitliyə meylinin qarşısını alan tədbirləri nəzərdən keçiriblər. İndiki şəraitdə ayrı-ayrı ölkələr transmilli şirkətlərin vergidən yayınmaq cəhdlərinə qarşı mübarizə üçün birtərəfli tədbirlər görməyə başlayıblar ki, bu da qeyri-müəyyənliyə və ikiqat vergitutma potensialının yaranmasına səbəb olur. OECD bu münasibətlə Parisdəki baş ofisində ictimai dinləmələr keçirib və həmin dinləmələr canlı yayımlanıb. İctimai məsləhətləşmələrin bütöv proqramı ilə OECD-nin internet saytında tanış olmaq mümkündür.