Braziliyada maliyyə əməliyyatlarından tutulan vergi sosial proqramın həyata keçirilməsi üçün artırılıb

2021.09.22 13:16 (UTC+04:00)

Braziliya hökuməti gəlirləri az olan vətəndaşlara yeni sosial yardım layihəsini həyata keçirmək üçün maliyyə əməliyyatlarından tutulan vergini müvəqqəti olaraq artırmağı qərara alıb. Bu barədə ölkə prezidenti Jair Bolsonaru məlumat verib.

Onun sözlərinə görə, hüquqi şəxslər üçün günlük vergi dərəcəsi 0,0041 fazidən (illik 1,5 faiz) 0,0059 faizə (illik 2,04%), fiziki şəxslər üçünsə günlük 0,0082 faizdən (illik 3%) 0,01118 faizə (illik 4,08%) qaldırılıb.

Yeni vergi dərəcəsinin 2021-ci il sentyabrın 20-dən dekabrın 31-dək qüvvədə olacağını vurğulayan prezident J.Bolsunaru deyib: “Bu addımın atılması vergi daxilolmalarını 2,14 milyard real (400 milyon ABŞ dollarından çox) artıracaq. Əldə olunan əlavə məbləğ “Braziliyaya kömək” adlı sosial layihəyə ayrılan vəsaiti artırmağa imkan verəcək”.