Bu il Azərbaycanda orta illik inflyasiya 5,4-5,8 faiz səviyyəsində gözlənilir

2021.09.18 10:12 (UTC+04:00)

Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə illik inflyasiya tempi yüksəlib. Rəsmi statistikaya görə, avqustda inflyasiya səviyyəsi 0,5 faiz olub, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6,7 faiz təşkil edib.

Bankdan bildirilib ki, orta illik inflyasiya isə yanvar-avqust aylarında 4,8 faiz olub. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya yanvar-avqust aylarında 3 faiz təşkil edib.

Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0,8 faiz yüksəlib, illik ərzaq inflyasiyası 7,8 faiz təşkil olub. Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5,4 faiz təşkil edib. Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7 faiz deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0,8 faiz deflyasiya olub. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3,1 faiz, son bir ildə isə 32,9 faiz yüksəlib.

Avqustda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 0,3 faiz, xidmətlər üzrə 0,2 faiz artıb. İllik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 5 faiz, xidmətlər üzrə isə 6,4 faiz təşkil edib.

İstehsalçı qiymətləri indeksi də ümumilikdə artıma meyillidir. Avqustda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 23 faiz, kənd təsərrüfatında isə 2,6 faiz artıb. Qeyd olunanlar onu göstərir ki, xarici və daxili xərc amillərinin qiymətlərə ötürücülüyü iqtisadiyyatın sahələri üzrə fərqlənir. Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiyməti indeksinin artım tempinin ərzaq inflyasiyası səviyyəsindən geri qalması ərzaq məhsulları üzrə inflyasiya idxalının yüksək olduğunu göstərir.

Ümumilikdə illik inflyasiyanın yüksəlmə meylini şərtləndirən amillərə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, ertələnmiş tələbin fəallaşması, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması aiddir.

Hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə olunur. Belə ki, avqustda illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3 faiz, ABŞ-da 156 ayın maksimumuna çataraq 5,3 faiz, Rusiyada son 60 ayın maksimumuna çataraq 6,7 faiz, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8,7 faiz, Belarusda son 56 ayın maksimumuna çataraq 9,8 faiz, Ukraynada son 39 ayın maksimumuna çataraq 10,2 faiz, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12,8 faiz və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19,3 faiz təşkil edib.

İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə olunmur. Real sektor üzrə monitorinqə görə inflyasiya gözləntiləri avqustda əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında artıb, qeyri-neft sənayesində və xidmətdə isə azalıb. Xidmət istisna edilməklə monitorinq olunan bütün sektorlarda qiymət gözləntiləri artım zonasında qərarlaşıb.

Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib. Proqnozlara görə cari ildə orta illik inflyasiya 5,4-5,8 faiz, illik inflyasiya isə 7,0-7,5 faiz səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.