Beynəlxalq Valyuta Fondu (BVF) Braziliya hökumətinə vergi qanunvericiliyinə əməl edilməsinə çəkilən xərclərin azaldılması məqsədilə vergi sisteminin sadələşdirilməsi istiqamətində addımlar atmağı tövsiyə edib. Tövsiyəyə əsasən, hökumət federal vergi sisteminin mürəkkəbliyinin aradan qaldırılması planlarını həyata keçirməli, federal və dövlət vergi sistemlərinin bir-birinə uyğunlaşdırılması üçün apardığı işləri davam etdirməlidir. Fond təmsilçisi "iddialı" struktur islahatlarının aparılmasının, o cümlədən vergi güzəştlərinin tətbiqinin sürətləndirilməsinin və əməkhaqqı fondunun vergidən azad edilməsinin zəruri olduğunu vurğulayıb. BVF-nin tövsiyəsində göstərilib ki, ölkə korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə qətiyyətli tədbirlər görməli, vergi və bank informasiyalarından istifadə və bu informasiyaların mübadilə edilməsinin üsullarını təkmilləşdirməlidir.