ABŞ parlamentinin Nümayəndələr Palatasında korporativ vergi dərəcəsinin 21 faizdən 26,5 faizə qaldırılması müzakirə olunacaq

2021.09.15 13:55 (UTC+04:00)

Nümayəndələr Palatasının yeni gəlir qanunlarının qəbul edilməsi prosesinə məsul komitəsinin açıqlamasında Demokratlar partiyası üzvlərinin 3,5 trilyon dollar məbləğində sərmayə planının tərkib hissəsi kimi bu dəyişikliyi nəzərdə tutan tənzimləmələrin yaxın günlərdə gündəliyə gətirəcəklərini bildirilib.
Açıqlamada iqlim böhranı ilə mübarizə, məşğulluq, uyğun qiymətli mənzilləri təşviq etmək, işləyənlər və ailələri üçün vergi güzəştlərinin müddətini uzatmaq, tibbi xidmətlərin qiymətlərini aşağı salmaq, əyalətlərin yatırımları maliyyələşdirməsinə yardımçı olmaq istiqamətində tədbirlərin müzakirəyə çıxarılacağı göstərilib.
Ölkədə mikro sahibkarlıq subyektlərindən tutulan vergilərin azaldılması ilə yanaşı, hazırda 21 faiz olan korporativ verginin dərəcəsinin 26,5 faizə qaldırılması da nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 2017-ci ildə 35 faizdən 21 faizə endirilən korporativ verginin dərəcəsinin 28 faizə qaldırılmasını təklif eləmişdi.