Pandemiya Azərbaycanın Türkdilli ölkələrə ixracını zəiflətməyib

2021.09.14 14:31 (UTC+04:00)

Azərbaycanın ümumi ixracında Türkdilli ölkələrin payı 2010-2020-ci illərdə 2,2 faizdən 19,4 faizə yüksəlib. 2019-cu ildə müvafiq göstəricinin 15 faiz olduğu nəzərə alınsa pandemiyanın Türkdilli ölkələrə ixracı zəiflətmədiyini görərik.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Aminə Bayramova deyib.

O bildirib ki, MDB ölkələrinə ixracda isə buraya daxil olan Türkdilli dövlətlərin payı 2010-2020-ci illərdə 0,4 faiz - 1,4 faiz arasında dəyişib. 2020-ci ildə ixrac edilən emal olunmamış qoyun və quzu dərilərinin 100 faizi, qara metallardan yarımfabrikatların 96,79 faizi, pambıq lifinin 92,9 faizi, təbii qazın 79,6 faizi, şəkərin 75,64 faizi, emal olunmamış alüminiumun 71,77 faizi, pambıq parça ipliyinin isə 60,82 faizi Türkdilli ölkələrin payına düşüb.

Analitik deyib: “Son illərdə Türkdilli ölkələrə ixrac olunan meyvə və tərəvəzin, makaron məmulatlarının, meyvə və tərəvəz konservlərinin, bentonit gilinin, təbii qazın, elektrik enerjisinin, atsiklik spirtlər və onların törəmələrinin, etilen polimerlərinin, pambıq lifinin miqdarında artım müşahidə edilir. Ümumilikdə, Türkdilli ölkələrin ticarət dövriyyəsində 2009-2019-cu illərdə idxal ixracı üstələsə də, Azərbaycanda bütün illərdə saldo müsbət olub. 2015-2019-cu illərdə Türkdilli ölkələrin dünyaya ümumi ixracında Azərbaycanın payı 5,9 faizdən 7,4 faizə, bu ölkələrdən idxalda isə 3,5 faizdən 5,1 faizə yüksəlib”.