İlin 8 ayında 56 788 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib

2021.09.13 17:56 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 8 ayında 56 min 788 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 22 min 686-si ödənişli ictimai işlərə cəlb olunub, 314 nəfərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib.

Həmin dövr ərzində özünüməşğulluq proqramının icrası uğurla davam etdirilib. İlin 8 ayında 9 min 296 nəfərin öz təsərrüfatlarını qurmaları üçün qeydiyyatı aparılıb.

Həmçinin 179 işsiz və işaxtaran peşə hazırlığı kurslarına cəlb olunub, 2 min 315 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib.