Sahibkarlar “Rebuild Karabakh 2021” sərgisinə dəvət olunur

2021.09.13 17:21 (UTC+04:00)

Azərbaycandakı beynəlxalq sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti sahibkarları və iş adamlarını I Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - Rebuild Karabakh 2021” sərgisinə dəvət edir.

Şirkətdən bildirilib ki, “Rebuild Karabakh 2021” sərgisinin məqsədi Qarabağın bərpası ilə bağlı layihə və strategiyalarını təqdim edən müvafiq dövlət strukturları və təşkilatları ilə yerli və xarici şirkət nümayəndələri arasında effektiv biznes dialoqun yaradılmasıdır.

Sərgidə bankçılıq və investisiyalar, energetika, ekologiya, informasiya texnologiyaları, inşaat, kənd təsərrüfatı, qida sənayesi, mədənçilik, nəqliyyat, sağlamlıq, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri fəaliyyət göstərəcək.

“Rebuild Karabakh 2021” sərgisində Azərbaycan, Böyük Britaniya, İsrail, Rusiya, Qazaxıstan, Türkiyə və Ukraynadan olan şirkətlər öz məhsul və xidmətlərini təklif edəcəklər.

Sərgidə, həmçinin Qarabağda planlaşdırılan və ya artıq həyata keçirilən layihələrin təqdimatı olacaq, dövlət qurumlarının nümayəndələri, sənaye mütəxəssisləri ilə danışıqlar və görüşlərin keçirilməsi imkanı yaradılacaq.

Bundan başqa, sərgi çərçivəsində işgüzar tədbirlərin geniş proqramı, o cümlədən B2B – ikitərəfli görüşlər, təqdimatlar, mühüm məsələlərin müzakirəsinə həsr olunmuş dairəvi masalar, tədbirlər və sair təşkil olunacaq.