İsveçdə Vergi İdarəsi yeni doğulan uşağa Vladimir Putinin adının qoyulmasına icazə verməyib

2021.09.14 14:01 (UTC+04:00)

İsveçin dövlət radiosu SR-in məlumatında bildirilib ki, ölkənin Hallan əyalətinin Laholms rayonunda yaşayan bir ailə dünyaya yeni gəlmiş körpəsinə Rusiya prezidentinin adını vermək üçün Vergi İdarəsinə müraciət edib. Vergi İdarəsinin cavabında uşağa Vladimir Putinin adının qoyulması gələcəkdə uşaq üçün mənəvi sarsıntıya səbəb ola biləcəyini nəzərə alaraq müraciətin rədd edildiyi bildirilib. Açıqlamada güclü xarakterə malik insanların adlarının uşaqlara qoyulmasının məqsədəuyğun oldadığı xüsusi qeyd olunub.
2009-cu ildə İsveçin Malmö bölgəsində yaşayan bir ailənin uşağına Allah adını qoymasına da icazə verilməmişdi. Ölkə qanunvericiliyinə görə uşaqlara Şeytan adı qoymaq qadağandır.
Qeyd edək ki, İsveçin 1982-ci ildə qəbul edilmiş “Adqoyma qanunu”nda qeyd olunub ki, valideynlər ad qoymaq üçün uşaq doğulandan sonra üç ay ərzində Vergi İdarəsinə müraciət etməlidir.