TDƏŞ üzv dövlətləri arasında Müxtəlif İqtisadi Zonalarla bağlı anlaşma memorandumu imzalanacaq

2021.09.10 11:52 (UTC+04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanacaq.

Memorandumun imzalanması Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası çərçivəsində nəzərdə tutulur.

Anlaşma memorandumunda Müxtəlif İqtisadi Zonalar dedikdə, Azərbaycan və Qazaxıstanın Xüsusi İqtisadi Zonalarına, Qırğızıstan və Özbəkistanın Azad İqtisadi Zonalarına və Türkiyənin Azad Zonalarına istinad edilir.

Memorandumun məqsədi Azərbaycanda Xüsusi İqtisadi Zonalar sahəsinin inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsi, TDƏŞ üzv dövlətlərinin bu sahədə inkişafından yararlanmaq, TDƏŞ üzv dövlətləri arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi ilə bağlı töhfə verməkdir.

Anlaşma memorandumu çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası üçün tərəflərin müvafiq institutları tərəfindən birgə başçılıq ediləcək Birgə İşçi Qrupunun yaradılması nəzərdə tutulub.