Rusiya hökuməti İsveçrəyə dividendlərə güzəştlərin ləğvini təklif edib

2021.09.13 13:54 (UTC+04:00)

Rusiya ikiqat vergitutmanın qarşısının alınması ilə bağlı sazişə dəyişiklik etməklə bağlı İsveçrə tərəfə müraciət ünvanlayıb. Maliyyə nazirinin müavini Aleksey Sazanov bu barədə açıqlama verərək bildirib: “İsveçrədəki həmkarlarımıza sazişə yenidən baxmaq barədə təklifimizi göndərmişik. Onlardan cavab almışıq, danışıqlara oktyabr ayında başalamağa hazır olduqlarını bildiriblər”.

Bundan əvvəl Rusiyanın Maliyyə Nazirliyi İsveçrə, Honkonq və Sinqapurla mövcud vergi sazişlərinə yenidən baxılacağını bəyan etmişdi. Bu ilin may ayında isə Niderland hökuməti dividend və faizlərə tətbiq olunan vergi dərəcələrini artırmaq təklifini rədd etdikdən sonra Rusiya bu ölkə ilə vergi sazişini ləğv etmişdi.

Treydinq üçün klassik yurisdiksiya sayılan İsveçrə ilə Rusiyanın vergi sazişində minimal iştirak payı 20 faiz olduqda dividendlərə və minimal həcmi 200 min frank olduqda investisiyalara 5 faiz, digər hallarda isə dividendlərə 15 faiz, royalti əməliyyatlarına isə sıfır faiz vergi tətbiq olunur.