İşğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi müzakirə olunub

2021.09.09 17:41 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) baş katibi Şeyx Yusif Həsən Xələfi ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, qurumun rəhbəri vəzifəsini icra edən Yusif Abullayev Fondun fəaliyyət istiqaməti, xarici investisiyaların təşviqi məqsədilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə danışıb, ICCIA-ya üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılmasında əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Şeyx Yusif Həsən Xələfi ICCIA haqqında məlumat verib, rəhbərlik etdiyi qurumun AZPROMO ilə əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.

Sonda üzv ölkələrlə iqtisadi əlaqələrin, qarşılıqlı ticarətin inkişafı, həmçinin işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.