Böyük Britaniya hökuməti tibbi və sosial xidmətləri maliyyələşdirmək üçün vergiləri artıracaq

2021.09.09 13:39 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Boris Conson ölkədə ehtiyacı olan milyonlarla insan üçün sosial xidmətlərin maliyyələşdirilməsi məqsədilə vergi ödəyicilərinin milli sığorta ödənişlərində 1,25 faiz artım olacağını bildirib.
B.Conson parlamentdəki müzakirələr zamanı bu artımın 2022-ci ilin aprel ayından qüvvəyə minməsinin nəzərdə tutulduğunu deyib. Bu artımla hökumətin Milli Səhiyyə Xidmətinə (NHS) daha artıq pul yatıracağını qeyd edən baş nazir ölkədəki uzunmüddətli sosial xidmət problemlərinin də aradan qaldırılacağına diqqət yönəldib.
B.Conson açıqladığı sosial xidmət islahatı planındakı artım məbləğlərinin fərdlər və biznes arasında bölünəcəyini, daha çox qazananların daha çox ödəyəcəyini vurğulayıb.
Qeyd edək ki, baş nazirin açıqladığı sosial xidmət planının parlament tərəfindən təsdiqlənməsi tələb olunur.
Yeni islahat çərçivəsində hökumətin hər il əlavə 12 milyard funt sterlinqdən artıq vəsait toplayacağı proqnozlaşdırılır.