Vergi Məcəlləsinin 102.7-ci maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
Misal: Müharibə veteranı və məcburi köçkün olan işçinin əsas iş yeri olaraq çalışdığı dövlət müəssisəsində və ya neft şirkətində aylıq əməkhaqqı 1.000 manatdır. Həmin işçiyə gəlir vergisi hesablanarkən güzəştin ən böyüyü, yəni müharibə veteranı üçün müəyyən edilən 400 manat güzəşt tətbiq edilir.
Gəlir vergisi belə hesablanır:
1.000 manat – 400 manat (güzəşt) - 200 manat (102.1.6-cı maddəyə uyğun güzəşt) = 400 manat
400x14% = 56 manat.
Bəzi güzəştlər var ki, onlardan böyüyü götürülmür, güzəştlər toplanır. İşçinin Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, yəni qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagird və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəlirinə 50 manat məbləğində güzəşt hüququ da olarsa, o zaman bu güzəştlər üzrə məbləğ toplanır.
Misal: Müharibə veteranı olan işçinin himayəsində 3 azyaşlı uşaq var. Onun əsas iş yeri olaraq çalışdığı dövlət müəssisəsində və ya neft şirkətində əməkhaqqı 1.000 manat təşkil edir. Həmin işçiyə gəlir vergisi hesablanarkən güzəştlər toplanır.
Bu halda gəlir vergisi belə hesablanır:
1.000 manat – 400 manat (güzəşt) – 50 manat (102.5-ci maddəyə əsasən güzəşt) - 200 manat (102.1.16-cı maddəyə uyğun güzəşt) = 350 manat
350x14% = 49 manat.