ƏDV ödəyicisinin qeydiyyatdan çıxması

2021.09.10 16:06 (UTC+04:00)

Sualın mahiyyətinin daha aydın başa düşülməsi üçün misala müraciət edək. Tutaq ki, kiçik sahibkarlıq subyekti olan “ZZ” MMC 2019-cu ildə həm mənfəət vergisi, həm də 18 faiz dərəcə ilə ƏDV ödəyicisi kimi fəaliyyətə başlayıb. Lakin müəssisənin illik dövriyyəsi nəzərdə tutulduğundan az olub. Bu səbəbə görə “ZZ” MMC ƏDV ödəyicisi kimi qeydiyyatdan çıxa bilərmi?

Bu məsələ Vergi Məcəlləsinin 158-ci maddəsi ilə tənzimlənir. 158.2-ci maddənin müddəalarına əsasən, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci (o cümlədən Vergilər Məcəlləsinin 218.1.2-ci və 218.4.1-ci) maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. Beləliklə, “ZZ” MMC-nin vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı ərzində (fəaliyyətin müvəqqəti olaraq dayandırıldığı aylar da daxil olmaqla) 100.000 manatdan çox olmadığı halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edə bilər.