Mərkəzi Amerika ölkəsi Salvador Respublikasında kriptovalyuta vahidi olan bitkoin qanuni valyuta kimi tanınmış və sentyabrın 7-dən ölkədə pul kimi işlədilməyə başlamışdır.
Bu ölkədə bitkoinin qanuni valyuta kimi istifadəsi ilə bağlı rəsmi qərar iyun ayında qəbul edilmişdi.
Beləliklə, Salvador bitkoini rəsmi pul vahidi kimi tanıyan ilk ölkə olmuşdur.
Hökumət bitkoinin qanuni pul vahidi kimi istifadəsinə hazırlıq çərçivəsində kriptovalyuta vahidinin dollara çevrilməsinə və komissiya haqqı ödənilmədən yenidən geri alınmasına imkan yaradan “Chivo” rəqəmsal pul kisəsi terminallarını quraşdırmışdır. Bundan əlavə, bitkoindən istifadənin təşviq olunması üçün “Chivo” vasitəsilə adambaşına 30 dollar dəyərində bitkoin veriləcəyi bildirilmişdi. Biktoin Salvadorda rəsmi pul vahidi olan ABŞ dolları ilə paralel işlədiləcək. Ölkədə vergi ödəmələri də bitkoin ilə həyata keçirilə biləcək. Anket sorğularına əsasən, indiki mərhələdə ölkə əhalisinin əksəriyyəti bitkoinə rəsmi pul vahidi kimi şübhə ilə yanaşır.
Qeyd edək ki, Salvadorda rəsmi pul vahidi statusu alan kimi bitkoinin qiyməti 1,49 faiz artaraq 52 min 680 dolları keçmişdir.