İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

2021.09.07 12:17 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 46-cı İllik Toplantısı çərçivəsində Bankın yeni seçilmiş prezidenti Məhəmməd Süleyman Əl-Casir və həmkarları ilə görüşüb.

Bankın prezidentinə fəaliyyətində uğurlar arzulayan nazir müavini Azərbaycanın İslam İnkişaf Bankı, eləcə də İİB Qrupuna daxil olan digər qurumlarla əlaqələrə xüsusi önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Elnur Əliyev tarixi və əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeni reallıqlar yaratdığını qeyd edib, Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması və “yaşıl enerji zonası”nın yaradılması üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb, Bankın Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu ifadə edib.

Görüşdə Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə tərəfdaşlıq imkanları, Qarabağ Dirçəliş Fondu və İslam İnkişaf Bankının Birgə Fondunun yaradılması və işğaldan azad edilmiş ərazilərimizin bərpası, həmçinin dayanıqlı inkişafı istiqamətində Fondun imkanlarından istifadə etməklə birgə layihələrin həyata keçirilməsi, Bankın əhatə etdiyi ölkələr üzrə potensial sərmayədarlara Azərbaycan şirkətlərinin investisiya layihələrinin təqdimatı məqsədilə tədbirlərin təşkili və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.